HAQQINDA

UZM.DR.CAVİD ƏHMƏDBƏYLİ

StomatoloqParodontologiya UzmanıTibb üzrə Fəlsəfə Doktoru Dosent

Avropa Parodontologiya Federasiyası təsdiqli Parodontoloq və İmplantoloq

Cavid Ramiz oğlu Əhmədbəyli 1983-cü ildə Bakı şəhərində anadan olub.

 

1990-2000-ci illərdə Bakı şəhərində 27 saylı orta məktəbdəBakı Avropa Litseyində təhsil alıb.

 

2000-2013-ci illərdə İstanbul şəhərində Yeditepe Universitetində ali təhsil alıb. 2005-ci ildə Yeditepe Universitetinin stomatologiya fakültəsini bitirdiktən sonra həmin universitetin Səhiyyə Elmləri İnstitutunda doktoranturaya daxil olub. Yeditepe Universitetində Avropa Parodontologiya Federasiyası tərəfindən akkreditə olunmuş parodontologiya üzrə rezidentura proqramını bitirərək 2011-ci ildə Federasiyanın Parodontologiya və İmplantologiya üzrə ixtisaslaşmış mütəxəssis diplomunu alıb. 2012-ci ildə Yeditepe Universitetinin parodontologiya kafedrasında «İncə biotipli çoxsaylı diş əti çəkilmələrin yalnız taca istiqamətlənmiş dilimlə təkbaşına və ya hüceyrəsiz dermal matrisa membranı ilə birlikdə cərrahi müalicəsi» mövzusunda dissertasiyanı müdafiə edərək Parodontologiya ixtisası üzrə doktorantura proqramını bitirib, Parodontologiya üzrə Fəlsəfə Doktoru (PhD in Periodontology) elmi dərəcəsini alıb. 2013-cü ildə Türkiyə Respublikası Səhiyyə Nazriliyi tərəfindən Parodontologiya ixtisası üzrə uzmanlıq diplomu verilib.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 2009-cu ildə Stomatologiya ixtisası, 2020-ci ildə Parodontologiya ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamələr verilib. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini alıb.

 

2015-2018-ci illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti olub, 2015-ci ildən hal-hazıradək kafedranın dosentidir. 2017-ci ildə Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiya üzrə “İmplant ətrafı toxumaların iltihabi xəstəliklərinin profilaktika və müalicə tədbirlərinin təkmilləşdirilməsi” mövzusu Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurası tərəfindən təsdiq olunub, hazırda tədqiqatlar Azərbaycan Tibb Universiteti və İstanbul şəhərində yerləşən Altınbaş Universiteti ilə birqə yerinə yetirilir. Dişlər & implantlar ətrafında diş əti xəstəliklərinin konservativ müalicəsində antiseptik, antibiotik, probiotik & lazerlərin tədbiqi; reqenerativ və estetik plastik parodontoloji cərrahiyyəsi üzrə tədqiqatları yerli və beynəlxalq elmi konfranslarda təqdim olunub və nüfuzlu jurnallarda nəşr olunub. 40-a qədər elmi məqalənin, bir rəhbərliyin və tədris vəsaitinin müəllifidir.  2018-2019-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universiteti rezidentlərinin stomatologiya ixtisası üzrə yekun attestasiya komissiyasının üzvü olub.

 

2008-ci ildən hal-hazıradək Bakıdaki 5A Dent və 2020-ci ildən etibarən təsis etdiyi DentGroup Baku stomatoloji klinikalarında həkim-stomatoloq, parodontologiya və implantologiya mütəxəssisi olaraq fəaliyyət göstərir. 

 

2012-ci ildə Azərbaycan Parodontologiya Cəmiyyətini təsis etmişdir və hazırda həmin təşkilatın İdarə Heyətinin prezidentidir. 2017-2019-cu illərdə Avropa Parodontologiya Federasiyasında Azərbaycan Parodontologiya Cəmiyyətinin nümayəndə heyətinin rəhbəri olub. 2013-cü, 2016-cı və 2018-ci illərdə Bakı şəhərində Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən təşkil olunan EstePerio Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Kongresslərinin Təşkilat Komitəsinin sədri olub. 2017-ci ildə Avropa Parodontologiya Federasiyasının təşəbbüsü ilə keçirilən 12 May Beynəlxalq Diş Əti Sağlamlığı Günü üzrə Azərbaycanın Milli Koordinatoru olub. Parodont və peri-implant xəstəliklərinin klinika, diaqnostika və müalicəsi üzrə rəhbərlik, parodont və peri-implant xəstəliklərinin yeni beynəlxalq təsnifatı, parodont xəstəlikləri-şəkərli diabet (Perio&Diabet) və diş əti xəstəlikləri-dişlərin kariyesi (Perio&Caries) kimi beynəlxalq lahiyələrin Azərbaycan dilində tərtib edilməsi üzrə işçi qrupunun rəhbəri olub.

 

Avropa Parodontologiya Federasiyasının (EFP), Beynəlxalq Parodontologiya Akademiyasının (IAP), Beynəlxalq Implantoloqlar Birliyinin (ITI), Stomatoloji Tədqiqatlar Beynəlxalq Akademiyasının (IADR), Türkiyə Parodontologiya Cəmiyyətinin (TPD) və Türkiyə Estetik Stomatologiya Akademiyasının (EDAD) fəal üzvüdür.

 

Azərbaycan, rus, ingilis, və türk dillərini sərbəst bilir.

 

Ailəlidir, bir övladı var.

© 2020 I Cavid Ahmedbeyli