White Brush Strokes

Parodontit

Diş əti sağlam olan insanlarda, diş əti toxumaları dişin boyun nahiyyəsini çox sıx və möhkəm şəkildə tam örtürlər və dişlərin çənə sümüyü toxumalarında tam dəstəyini təmin edirlər. Diş əti xəstəlikləri olduqda isə, diş əti və çənə sümüyü toxumaları iltihablanaraq aralarında bağ zəyiflədiyi üçün, dişlər ətrafında cibin dərinliyi artaraq, içindəki bakteriyaların çoxalaraq yaşamaları üçün daha çox yer təmin olunur. Parodontoloqlar - dişlər ətrafında diş əti xəstəliklərinin qarşısının alınmasında, diaqnostikasında və müalicəsində, həmçinin ağız boşluğunda implantların yerləşdirilməsində ixtisaslaşmış stomatoloqlardır.

 

GİNGİVİT

Gingivit diş ətində şişkinliyə, qırmızılığa və asanlıqla qanamaya səbəb olan, diş əti xəstəliklərinin ən mülayim formasıdır. Adətən bu mərhələdə narahatçılıq az olur və ya heç olmur. Bu xəstəliyə adətən qeyri-adekvat ağız boşluğu gigiyenası səbəb olur. 

Gingivitə səbəb ola bilən digər amillər isə şəkərli diabet, siqaret istifadəsi, qocalma, genetik meyillilik, sistem xəstəlikləri, stress, qeyri-kafi qidalanma, cinsi yetkinlik, menopauza və hamiləlik dövrü, hormonal dəyişikliklər, maddə asılılığı, QİÇS və müəyyən dərmanların istifadəsidir.

 

PARODONTİT

Müalicə olunmamış gingivit parodontitə qədər inkişaf edə bilər, nəticədə isə dişin itirilməsinə və digər sağlamlıq problemlərinə gətirib çıxara bilər. Vaxt keçdikcə, diş ərpi diş əti səviyyəsinin altından cibin icərisinə yayıla bilir. Ərp içərisindəki bakteriyaların toksinləri diş ətlərini qıcıqlandıraraq, insan organizmində xroniki iltihabi cavab stimullaşdırmaq, dişi dəstəkləyən toxumalarda, xususən də çənə sümüyündə əriməya səbəb olurlar. Bunun nəticəsində diş və diş əti arasında cib şəklində iltihablı boşluq formalaşır. Parodontit irəlilədikçə və xəstəliyin ağırlıq dərəcəsi artdıqca, ciblər dərinləşir və dişi dəstəkləyən toxumaların daha çox itirilməsinə səbəb olur. Nəticədə, daha cox çənə sümüyü itirildiyi üçün dişin laxlaması artır və çəkilməsi zərurəti yaranır.

DİŞ ƏTİ MÜALİCƏSİ

Diş əti müalicəsinin əsas məqsədi dişlər ətrafında diş əti xəstəliklərinə səbəbi olan ərpə və risk amillərinə tam nəzarət edərək xəstəliyin inkişafını dayandırmaq, həmçinin itirilmiş və zərər görmüş toxumalarının bərpası və dərin ciblərin ortadan qaldırılması ilə dişlər ətrafında sağlam mühiti təmin etməkdir. Diş əti mualicəsi mümkün olduqca minimal invaziv şəkildə olmalıdır. Əksər hallarda diş əti müalicəsi cərrahiyyəsiz vasitələr ilə həyata keçirilə bilir, ancaq bilinməlidir ki, bu müalicənin məhdudiyyətləri vardır. Bu mərhələdə diş əti sağlamlığına nail ola bilmədiyimiz vaxt, rekonstruktiv diş əti cərrahiyyəsi uygun görülə bilər. 

Diş əti Müalicəsi (Gingivit)

Diş əti Müalicəsi (Parodontit)

REKONSTRUKTİV DİŞ ƏTİ CƏRRAHİYYƏSİ

Diş əti müalicəsindən 6-12 həftə sonrakı kontrol müayinəsində, parodontoloq tərəfindən ağız boşluğu gigiyenası və əldə olunan diş əti sağlamlığını qiymətləndirmək üçün, ilkin müayinə sırasında olduğu kimi parodontoloji zond istifadə edilərək diş əti qanamasının varlığı və dişlər ətrafında cib dərinlikləri ölçülərək qeyd edilir və əlavə diş əti müalicələri haqqında tövsiyələr verilir. Bu zaman hər hansı bir dişin ətrafında diş ətinin cib dərinliyi ≥5 mm olquqda, rekonstruktiv diş əti cərrahiyyəsi uyğun görülə bilər. Bu dərinlikdəki ciblərdə, fırçalar və diş ipi xəstələr tərəfindən əlçatmaz olduğu üçün, bakteriyaların burada təkrar kolonizasiya olaraq yeni bir iltihaba və xəstəliyin təkrarlanmasına səbəb olur. Rekonstruktiv cərrahiyyə sırasında dişlərin kök səthindəki dərin təmizliklər sırasında əlçatmaz olan diş daşları tam təmizləndikdən sonra dişlər ətrafındakı sümükdəki qüsura uygun olaraq sümük qreftləri, toxuma regenerasiyası gelləri və kollagen membranlar kimi xüsusi biomateriallardan istifadə edilərək, diş əti xəstəlikləri nəticəsində zərər görmüş və ərimiş sümük yenidən bərpa edilir.

DƏSTƏKLƏYİCİ DİŞ ƏTİ MÜALİCƏSİ

Uğurlu diş əti müalicəsi həkim tərəfindən tövsiyə edilən gündəlik ağız boşluğu gigiyena təlim qaydalarına, dəstəkləyici diş əti müalicəsinin vaxtında aparılması və təyin olunmuş periodik kontrol müayinələrə tam zamanında müntəzəm riayət edilməsi ilə əməkdaşlıq tələb edir. Periodik kontrol müayinələri diş əti sağlamlığının stabilliyini təmin etmək üçün, xəstəliyin təkrarlanmayaraq, dəstək toxumaların yenidən dağılması ilə nəticələnmədiyindən əmin olmaq üçün həyati vacibdir. Dəstəkləyici diş əti müalicəsinin sıxlığı hər 3-6 aydan bir nəzərdə tutulur, diş əti xəstəliyinin ağırlığından və bu xəstəliyin o insanda fərdi inkişaf etmə riskindən asılıdır.

ÖNCƏ/SONRA

Böyütmək üçün şəklin üzərinə klikləyin.

1/1

© 2020 Cavid Ahmedbeyli