Bioqrafiya

Cavid Əhmədbəyli 1983-cü ildə Bakı şəhərində anadan olub. 1990-2000-ci illərdə Bakı şəhərində 27 saylı orta məktəbdə və Bakı Avropa Litseyində təhsil alıb. 2000-2013-ci illərdə İstanbul şəhərində Yeditepe Universitetində ali təhsil alıb. 2005-ci ildə Yeditepe Universitetinin stomatologiya fakültəsini bitirdiktən sonra həmin universitetin Səhiyyə Elmləri İnstitutunda doktoranturaya daxil olub. Yeditepe Universitetində Avropa Parodontologiya Federasiyası tərəfindən akkreditə olunmuş parodontologiya üzrə rezidentura proqramını bitirərək 2011-ci ildə Federasiyanın Parodontologiya və İmplantologiya üzrə ixtisaslaşmış mütəxəssis diplomunu alıb. 2012-ci ildə Yeditepe Universitetinin parodontologiya kafedrasında «İncə biotipli çoxsaylı diş əti çəkilmələrin yalnız taca istiqamətlənmiş dilimlə təkbaşına və ya hüceyrəsiz dermal matrisa membranı ilə birlikdə cərrahi müalicəsi» mövzusunda dissertasiyanı müdafiə edərək Parodontologiya ixtisası üzrə doktorantura proqramını bitirərək Parodontologiya üzrə Fəlsəfə Doktoru (PhD in Periodontology) elmi dərəcəsini alıb. 2013-cü ildə Türkiyə Respublikası Səhiyyə Nazriliyi tərəfindən Parodontologiya ixtisası üzrə uzmanlıq diplomu verilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 2009-cu ildə Stomatologiya ixtisası, 2020-ci ildə Parodontologiya ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamələr verilib. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini alıb.
2015-2018-ci illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti olub, 2018-ci ildən hal-hazıradək kafedranın dosentidir. 2017-ci ildə Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiya üzrə “İmplant ətrafı toxumaların iltihabi xəstəliklərinin profilaktika və müalicə tədbirlərinin təkmilləşdirilməsi” mövzusu Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurası tərəfindən təsdiq olunub, hazırda tədqiqatlar Azərbaycan Tibb Universiteti və İstanbul Altınbaş Universiteti ilə birqə yerinə yetirilir. Dişlər & implantlar ətrafında diş əti xəstəliklərinin qeyri-cərrahi müalicəsində antiseptik, antibiotik, probiotik & lazerlərin tədbiqi; reqenerativ və estetik plastik parodontoloji cərrahiyyəsi üzrə tədqiqatları yerli və beynəlxalq elmi konfranslarda təqdim olunub və nüfuzlu jurnallarda nəşr olunub. 45-a qədər elmi məqalənin və bir tədris vəsaitinin müəllifidir. 2018-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universiteti və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidentlərinin Stomatologiya ixtisası üzrə yekun attestasiya komissiyasının üzvüdür. 2021-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sertifikasi Komissiyanın Parodontologiya ixtisası üzrə işçi qrupunun üzvüdür. 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Dosent elmi adını alıb.
2008-ci ildən 2021-ci ilə qədər 5A Dent, 2022-ci ildən hal-hazıradək Estetik Diş stomatoloji klinikasında həkim-stomatoloq və həkim-parodontoloq olaraq fəaliyyət göstərir.
2012-ci ildə Azərbaycan Parodontologiya Cəmiyyətini həm-təsisçisidir və hazırda həmin təşkilatın İdarə Heyətinin prezidentidir. 2017-2018-ci illərdə Avropa Parodontologiya Federasiyasında Azərbaycan Parodontologiya Cəmiyyətinin nümayəndə heyətinin rəhbəri olub. 2013-cü, 2016-cı və 2018-ci illərdə Bakı şəhərində Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən təşkil olunan EstePerio Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Kongresslərinin Təşkilat Komitəsinin sədri olub. 2017-ci ildə Avropa Parodontologiya Federasiyasının təşəbbüsü ilə keçirilən 12 May Beynəlxalq Diş Əti Sağlamlığı Günü üzrə Azərbaycanın Milli Koordinatoru olub. 2017-ci ildə İspanyanın Santiago De Compostela şəhərində Azərbaycan Parodontologiya Cəmiyyətinin Avropa Parodontologiya Federasiyasının assosiativ üzvü kimi qəbul edildiyi Baş Assambleyada Cəmiyyəti təmsil etmişdir. Avropa Parodontologiya Federasiyasının təşkilatcılığı ilə keçirilən EuroPerio9 (Amsterdam, 2018) və EuroPerio10 (Kopenhagen, 2022) beynəlxalq parodontologiya konfranslarının açılış mərasimlərində Avropa Parodontologiya Federasiyasına üzv olan ölkələrin ənənəvi bayraq paradında Azərbaycan Parodontologiya Cəmiyyəti adına ölkəmizin bayrağını dalğalanmışdır. 2019-cu ildə Azərbaycanda Parodontologiya ixtisasısın Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən tanınmasında fəal iştirak etmişdir. Parodont və peri-implant xəstəliklərinin yeni beynəlxalq təsnifatı, parodont xəstəlikləri-şəkərli diabet (Perio&Diabet), diş əti xəstəlikləri-dişlərin kariyesi (Perio&Caries), diş əti xəstəlikləri-ürək və damar xəstəlikləri (Perio&Cardio), ağız boşluğu sağlamlığı və hamiləlik (Oral Health&Pregnancy) kimi beynəlxalq lahiyələrin Azərbaycan dilində tərtib edilməsi üzrə işçi qrupunun rəhbəri olub. Avropa Parodontologiya Federasiyası tərəfindən akkreditə olunmuş parodontologiya üzrə rezidentura proqramınının ilk Azərbaycanlı məzunu (EFP Alumni) olaraq 2018-ci ildə Niderlandın paytaxtı Amsterdam şəhərində Avropa Parodontologiya Federasiyasının təşkilatcılığı ilə keçirilən EuroPerio9 beynəlxalq parodontologiya konfransının PerioTalks sessiyasında “Life experience changing national periodontology vision” mövzusunda məruzə ilə cıxış etmişdir və 2021-ci ildə Federasiyanın nəşri olan Perio Life jurnalının 2-ci sayısında “Multidisciplinary or specialist practice?” müsahibə vermişdir. 2022-ci ildə Avstriyanın Viyana şəhərində Azərbaycan Parodontologiya Cəmiyyətinin Avropa Parodontologiya Federasiyasının tamhüquqlu üzvü kimi qəbul edildiyi Baş Assambleyada Cəmiyyəti təmsil etmişdir.
Azərbaycan Parodontologiya Cəmiyyətinin (PERIOAZ), Avropa Parodontologiya Federasiyasının (EFP), Beynəlxalq Parodontologiya Akademiyasının (IAP), Beynəlxalq Implantoloqlar Birliyinin (ITI), Stomatoloji Tədqiqatlar Beynəlxalq Akademiyasının (IADR) fəal üzvüdür.
Azərbaycan, rus, ingilis, və türk dillərini sərbəst bilir.
Ailəlidir, iki övladı var.